RUSİYA ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ DAİR TƏMASLARINFƏALLAŞDIRILMASINA TƏRƏFDARDIR
Rusiya xarici siyasət idarəsinin başçısı ötən ilin siyasi yekunlarını məqbul hesab etmişdir. O demişdir: “2005-ci il Rusiya üçün müsbət, praqmatik və çoxşaxəli olmuşdur”. S.Lavrovun sözlərinə görə, həmin il Rusiya üçün beynəlxalq aləmdə mövqelərin möhkəmləndirilməsi və gələcək islahatlar üçün vacib olan xarici siyasət strategiyasının dərinləşdirilməsi baxımından mühüm il olmuşdur. Rusiya XİN-in başçısı 2006-cı ildə Rusiyanın “böyük səkkizlik”də sədrliyini xarici siyasət sahəsində fəaliyyətin uğurlarından biri adlandırmışdır.
Nazir jurnalistlərə əsas beynəlxalq məsələlərdə və MDB ölkələri ilə münasibətlərdə Rusiyanın mövqeyindən danışmışdır.
S.Lavrov AZƏRTAC-ın müxbirinin son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində müəyyən irəliləyişlərin nəzərə çarpması və 2006-cı ilin münaqişənin həlli ili ola biləcəyi ilə bağlı rəsmi bəyanatların səslənməsi barədə sualına cavabında demişdir: “Danışıqlar prosesi son vaxtlar fəallaşmışdır, ATƏT-in Minsk qrupunun həmsədrləri mexanizmi daimi əsasda işləyir, həmsədrlərin və iki dövlətin nümayəndələrinin, o cümlədən xarici işlər nazirlərinin iştirakı ilə müntəzəm görüşlər keçirilir. MDB-nin Kazan zirvə toplantısında həmsədr ölkələrin xarici işlər nazirlərinin iki dövlətin prezidentləri ilə görüşü keçirilmişdir”.
Rusiya XİN-in başçısı bildirmişdir ki, Prezident Vladimir Putin Azərbaycanın və Ermənistanın nizamasalma formulunun tapılması istiqamətində irəliləməsinə fəal kömək etmişdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərləri arasında növbəti görüşlər nəzərdə tutulmuşdur və bu əlaqələrə həmsədrlər tərəfindən fəal hazırlıq görülür. Sonda S.Lavrov demişdir: “Mən üç ölkənin həmsədrləri tərəfindən görülən işlərin təfsilatına varmaq istəmirəm, lakin hiss edirəm ki, hər iki tərəf münaqişənin həllinə dair qarşılıqlı surətdə məqbul razılaşmalara nail olunmasına səy göstərir. Biz isə bundan sonra da əlimizdən gələni edəcəyik”.