RUSİYA FEDERAL MƏTBUAT VƏ KÜTLƏVİ KOMMUNİKASİYALAR AGENTLİYİNİN RƏHBƏRİ MİXAİL SESLAVİNSKİNİN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Bakıda rusdilli mətbuatın Konqresinin keçirilməsindən bir ildən bir qədər çox vaxt ötür və biz o günləri, Sizinlə görüşləri və çox geniş proqramımızı böyük məmnuniyyətlə xatırlayırıq. Həqiqətən, bu salona baxarkən inana bilmirəm ki, biz iki təyyarədə gəlmişik. Belə təəssürat yaranır ki, 10 çarter reysi olmuşdur və əslində, Moskvada daha kimin qaldığı məlum deyildir. Hökumət buradadır, ən iri qəzetlərin rəhbərləri bu stolun arxasında oturmuşlar, “Kommersant” qəzetinin redaktoru hətta ikinci sırada əyləşmişdir. Hətta bankirlər də buradadırlar. Bu müddət ərzində ölkəmizdə inzibati islahat keçirilmişdir.
Biz hamı ilə ikitərəfli əlaqələr yaratmağa çalışırıq. Biz Azərbaycanın milli parkları və qoruqları haqqında filmi maliyyələşdirmişik. Həmin film bizim efirdə göstərilmiş və internet saytında yerləşdirilmişdir. Biz bütün idarələrlə də əlaqələri inkişaf etdirəcəyik. Səfərqabağı Rusiya qəzetlərini, interneti nəzərdən keçirdik. Hər halda, müsbət informasiya olduqca çoxdur. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycan Rusiya kütləvi informasiya vasitələrində çox yaxşı işıqlandırılır. Bəlkə də hərdən nə isə mənfi bir şey olur və bu, adətən, gözə daha çox çarpır. İnsanın dişi ağrıyanda fikirləşmir ki, Allaha şükür, ürəyi, yaxud qaraciyəri ağrımır. O, yalnız xəstə dişi barədə düşünür. Hazırda iqtisadiyyatın yüksəlişini, turizmin inkişafını, turizm və istirahət üçün infrastrukturun yaradılmasını işıqlandıran müsbət və obyektiv informasiya lap çoxdur. Bütün bunlar canlı maraq oyadır. Siz özünüz çox yaxşı misal çəkdiniz. Ölkələr arasında nəqliyyat əlaqələrinin mövcudluğu bunun insanlara lazım olduğunu, onların gəlib-getməyə, dincəlməyə, işgüzar əlaqələri inkişaf etdirməyə və əməkdaşlıq qurmağa can atdıqlarını göstərir. Bir çoxları ailələri ilə gəlirlər. Əlbəttə, bu, bizim üçün çox xoşdur.
Mən səmimi qəbula görə Sizə bir daha minnətdarlığımı bildirir və yüksək dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif olunan həmkarımız və dostumuz Mixail Solomonoviç Qusmanın xidmətlərini qeyd etdiyinizə görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Biz bu barədə xəbəri təyyarədə ikən Azərbaycan qəzetlərinin hamısında oxuduq və buna görə Sizə xüsusi təşəkkür edirik.