RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA BÜTÜN PROBLEMLƏR ARADAN QALDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin kütləvi informasiya vasitələrinin Rusiyada akkreditə olunmuş nümayəndələri ilə görüşündə “Russian today” qəzetinin müxbirinin sualına cavabında demişdir. Rusiya ilə Ermənistan arasında yaxşı münasibətlərin Rusiyanın Azərbaycanla da yaxşı münasibətlərinə mane olmadığını vurğulayan Prezident bildirmişdir ki, əməkdaşlıq, enerji, coğrafi mövqe, siyasi vəziyyət, geosiyasi mövqe baxımından və istənilən digər nöqteyi-nəzərdən Ermənistan ilə Azərbaycanın əhəmiyyətini, müqayisə etmək olmaz. Ona görə də bu, əlavə gərginlik yarada bilən bir element sayıla bilməz.
İlham Əliyev qaçqınlar məsələsinə də toxunmuş və söyləmişdir ki, Azərbaycan təcavüz qurbanıdır. Qaçqın həyatının nə olduğunu biz bilirik. Çeçenistandan insanlar özlərinin və ailələrinin həyatlarını müharibədən xilas etmək üçün Azərbaycana gələndə bir qonşu və dost kimi ölkəmiz ehtiyacı olan insanlar üçün öz qapılarını açdı. Burada, Qafqazda belə qəbul olunmuşdur.