RUSİYA İLƏ TÜRKİYƏ ARASINDA MÜNASİBƏTLƏR ÇOXŞAXƏLİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ ÇIXMIŞDIR
O, agentliyin müxbirinə müsahibəsində demişdir: “Bu gün dövlətlərimiz arasında həyata keçirilən əlaqələr kompleksində yasaq mövzular daha yoxdur. Biz mənafelərimizdə mümkün ziddiyyətləri, Allah göstərməsin, münaqişələri minimuma endirmək və ikitərəfli əməkdaşlığın qarşılıqlı surətdə faydalı əsasda inkişaf edə biləcəyi sahələri müəyyənləşdirmək üçün xoşagələn və ya gəlməyən bütün məsələlərdə açıq danışmağı öyrənmişik”.
Diplomat ikitərəfli əməkdaşlığın gücləndirilməsinə təkan verən üç əsas amili göstərmişdir. Bunlar ticarət-iqtisadi və geostrateji amillər, habelə siyasi dialoqun fəallığıdır. Səfir xatırlatmışdır ki, “son üç ildə iki ölkə arasında ticarətin həcmi üç dəfə - keçən ilin yekunlarına görə 5 milyard dollardan 15,2 milyard dollaradək artmışdır. Buraya getdikcə daha sivil formalar alan özəl ticarət də əlavə edilsə, görərik ki, bu rəqəm 18 milyard dollara çatır”.
“Novosti”nin müsahibi vurğulamışdır ki, “əmtəə dövriyyəsinin getdikcə artması meyilləri qalmaqdadır. Türkiyə və Rusiya ekspertlərinin hesablamalarına görə, 2007-ci ilədək biz 25 milyard dollar səviyyəsinə çıxmalıyıq”. Onun fikrincə, fəal siyasi dialoq Rusiya-Türkiyə münasibətlərinin intensiv xarakter almasının daha bir amilidir. Pyotr Steqni demişdir: “Ölkələrimiz arasında siyasi dialoq çox intensiv inkişaf edir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə təkcə keçən il beş dəfə görüşmüşdür. Türkiyə Prezidenti Əhməd Necdət Sezərin iyunun axırlarında Rusiyaya rəsmi səfəri planlaşdırılır. Türkiyə parlamenti sədrinin də ölkəmizə səfəri nəzərdə tutulur”.