RUSİYA MÜSƏLMANLARI TERRORLA MÜBARİZƏDƏ CƏSURLUĞA GÖRƏ MÜKAFAT TƏSİS ETMİŞLƏR
“Əl-Həqq” Ümumrusiya İctimai Təşkilatının sədri, Rusiya İctimai Palatasının üzvü Kamilcan Qələndərov bildirmişdir ki, mükafatın təsisçiləri bu təşkilat və hacı Əhməd Qədirov adına Fonddur. O demişdir: “Belə mükafat islam dünyasında ilk dəfə təsis olunur. Bundan məqsəd müsəlman ruhaniləri ekstermizm və terrorizmlə mübarizədə dəstəkləmək və xüsusən, Şimali Qafqazda sülhyaratma səylərini təşviq etməkdir”.
Mükafatın ilk laureatı ekstremizmə və terrorizmə müqavimət göstərilməsi məsələlərinə dair “Əl-Həqq” təşkilatının təşəbbüsü ilə keçiriləcək forumda elan ediləcəkdir. Forum dekabrın 10-da Çeçenistanın Qudermes şəhərində keçiriləcək və Əhməd Qədirovun xatirəsinə həsr olunacaqdır.
Qələndərovun sözlərinə görə, mükafata Rusiya müsəlmanlarının liderləri (o cümlədən dünyasını dəyişənlər) sırasından 20 nəfər namizəddir. Forumda “ekstremizm və terrorizmlə mübarizəyə töhfəyə görə” ilk qızıl medal da təqdim olunacaqdır. Bu mükafata təkcə din xadimləri deyil, mülki şəxslər - siyasətçilər, diplomatlar, ictimai xadimlər də layiq görülə bilərlər. Medal ən yüksək əyarlı xalis qızıldan hazırlanmışdır və ona artıq 38 nəfər namizəddir.
Ən layiqliləri nüfuzlu üləmalardan ibarət xüsusi Ekspert şurası müəyyən edəcəkdir.