RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN ÇIXIŞI
-Hörmətli Mstislav Rostropoviç!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Bu gün təkcə vətənimizin mədəniyyətində deyil, həm də dünya mədəniyyətində böyük hadisədir. Çünki bu gün biz görkəmli musiqiçinin və gözəl insanın yubileyini qeyd edirik. Rostropoviçin əli nəyə toxunursa-toxunsun, - istər violonçelin kamanı olsun, istərsə də dirijor çubuğu, fərqi yoxdur, - hamısından istedad ətri gəlir. Bilirik ki, Rostropoviçi dünya insanı adlandırırlar. Həqiqətən də belədir. Lakin onun Rusiyanı necə həssaslıqla duyduğunu və öz ölkəsini necə sevdiyini şəxsən mən də bilirəm, salondakıların çoxu da bilir. Hakimiyyətdə olan bir çox insanlar Rostropoviç yaradıcılığını sevirlər. Lakin onun qüdrəti milyonlarla sadə insanın sevgisindədir. Mstislav Rostropoviç təkcə görkəmli musiqiçi deyil, o, həm də 25 ildir xeyriyyəçiliklə məşğuldur.
Əziz Slava, biz səni yubiley münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirik!
Bu təntənəli gündə bildirmək istəyirəm ki, mən Mstislav Rostropoviçin Rusiyanın ali mükafatlarından biri ilə - “Vətən qarşısında xidmətlərə görə” ordeninin I dərəcəsi ilə təltif edilməsi haqqında Fərman imzalamışam.
X X X
Sonra Rusiya Prezidenti mükafatı yubilyara təqdim etdi.