RUSİYA ŞAHMATÇISI “BAKI OPEN-2009” TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 30 sentyabr (AZƏRTAC). Novxanıda keçirilən “Bakı open-2009” beynəlxalq şahmat turniri başa çatmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarış iştirakçılarını bu gözəl idman bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycanda şahmata olan marağın artması heç də təsadüfi deyildir. Prezident İlham Əliyevin ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı imzaladığı müvafiq Sərəncam şahmatın inkişafına, onun kütləviliyinə böyük təkan vermiş, gənclər arasında populyarlığını artırmışdır. Bakının mütəmadi olaraq yüksək səviyyəli, beynəlxalq yarışlara ev sahibliyi etməsi bunun bariz nümunəsidir.
M.Məmmədov Gənclər və İdman Nazirliyinin, həmçinin Şahmat Federasiyasının dəstəyi ilə həyata keçirilən mötəbər turnirin iştirakçıları üçün yaradılmış şəraitdən məmnunluğunu ifadə etmişdir.
Turnirin təşkilat komitəsinin üzvü Rüfət Aslanlı Azərbaycanın ənənəvi şahmat ölkəsi olduğunu qeyd edərək, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublkamızın əksər bölgələrində müasir şahmat məktəblərinin açıldığını və həmin məktəblərin yetirmələrinin indi beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini qoruduqlarını bildirmişdir. Müdrik siyasətin nəticəsidir ki, indi Bakı dünya şahmat xəritəsinin mərkəzlərindən birinə çevrilmişdir.
Tədbirin sonunda Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov qalibləri elan etmişdir.
Turnirin qalibi adına Rusiya şahmatçısı Boris Savçenko layiq görülmüşdür. Qata Kamski (ABŞ) 2-ci, İlya Smirin (İsrail) 3-cü mükafatı qazanmışlar.