RUSİYA TİBB ELMLƏRİ AKADEMİYASININ AKADEMİKİ RENAT AKÇURİNİN ÇIXIŞI
- Çox hörmətli İlham Heydəroviç!
Bir həkim kimi, öz nöqteyi-nəzərimi söyləmək mənə olduqca xoşdur. Lakin, ilk növbədə, məni belə mötəbər məclisə dəvət etdiklərinə görə İTAR-TASS rəhbərliyinə təşəkkür etmək istərdim. Mən Sizinlə tam razıyam ki, demokratiya xüsusi anlayışdır. Dərhal da demokratiyanın ilk nümunəsi barədə məşhur bir lətifəni xatrılayıram: Tanrı Həvva və Adəmi yanına gətirib deyir ki, buyur, seç. Yəni, insanı hazırlamaq lazımdır ki, hansısa vəziyyəti seçsin. Rusiyada səhiyyə sahəsində vaxtaşırı məruz qaldığımız tamamilə ümidsiz vəziyyətə düşməyək.
Mən Heydər Əliyeviçi xatırlamaq istərdim. O, cavan, 32 yaşlı baş elmi işçi Akçurinin xəstəxanada əvəzçiliklə işləməsi məsələsini iki günün içində bircə imzası ilə həll etdi. Belə ki, Akçurin barmaqlarda, əllərdə və sairdə mikrocərrahiyyə əməliyyatları aparmalı idi, qanun isə elmi işçiyə bunu icazə vermirdi. Heydər Əliyeviç bu qərarı imzaladı. Həmin sənədin surətini indiyədək özümdə saxlayıram. İkincisi, biz xəstələrlə, o cümlədən də Azərbaycandan gələn xəstələrlə çox tez-tez görüşürük, çoxlu cərrahiyyə əməliyyatı aparırıq. Zənnimcə, - bu, necə deyərlər, mənim arzumdur, bu sahədə siyasəti Siz özünüz müəyyən edəcəksiniz, - sovet dövründə səhiyyədə həyata keçirilənləri kənara atmaq olmaz. Səhiyyədə yaradılmış vertikal, təbabətin klassik üsulları qalmalıdır. Bu, səhiyyə üçün də, xalq üçün də yaxşıdır.
Daha bir çox mühüm amil barədə. Rusdilli məkan Azərbaycan və Rusiya xalqları arasında ünsiyyətə kömək edir. Rus dilini türk dilindən, - hərçənd türk dili Azərbaycan dilinə çox oxşardır, - yaxud, xüsusən də ingilis dilindən daha yaxşı bilən bir çox həkimlər hələ uzun müddət Azərbaycan səhiyyəsinin xeyri naminə işləyəcəklər. Biz buna şadıq. Rusiyanın bəzi həkimlərinin belə bir rəyini Sizə çatdırmağıma görə özümü xoşbəxt bilirəm. Sağ olun.