Rusiyada çıxan “Don” jurnalı azərbaycanlı yazıçı Kamil Əfsəroğlunun “İt qanı” romanını dərc etmişdir
Bakı, 17 may (AZƏRTAC). Tanınmış yazıçı Kamil Əfsəroğlunun (Məmmədov Kamil Əfsər oğlu) 60 yaşı tamam olmuşdur.
Rusiyanın “Don” jurnalının builki ikinci nömrəsində yazıçının yubileyinə töhfə olaraq onun “İt qanı” romanı dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, rus dilinə Nuranə Mərdanovanın çevirdiyi əsərdə bu gün üçün çox aktual olan bir mövzudan - Qarabağ müharibəsindən bəhs olunur. Romanda əksini tapmış Qarabağ müharibəsi dalğasında yaşadıqlarımız, başımıza gələnlər və gətirilənlər, qaçqınlıq-köçkünlük dərdi, yurdsuzluq-yuvasızlıq zülmü bu gün hamımızın hər addımbaşı rastlaşdığımız acı gerçəklikdir.
Bu baxımdan “İt qanı” romanının rus oxucularına təqdim olunması çox böyük əhəmiyyət kəsb edir. Əsərdə müharibənin nə demək olduğunu, insanlara faciədən, ağrı-acıdan savayı heç nə gətirmədiyini Kaftar Kərimin obrazında göstərilir. Romanı oxuduqca müharibənin insanları yalnız cismən deyil, həm də mənən öldürdüyünə bir daha əmin olursan.
Döyüşdə yaralanıb kontuziya almış Kaftar Kərim artıq əvvəlki adam deyil. O, qan-qada görmüş, qan tökmüş, qəddarlaşmış bir varlıqdır. Müharibə onun xarakterini tamamilə dəyişdirib, necə deyərlər, itxasiyyət etmişdir.
Müəllif bu əsərində çəkdiyimiz ağrı-acıların bədii salnaməsini, bir-birini sürətlə əvəz edən ictimai-siyasi olaylar burulğanında dəyişən, minbir çətinliklərlə üz-üzə gələn insanların real bədii obrazını yaratmışdır. “İt qanı” romanında çox dərinlərdə gizlənmiş bir ümid, bir inam var - öz gücünə, öz qüdrətinə dönə bilmək ümidi.
Qeyd edək ki, Rusiya ədəbi mühitində böyük nüfuza malik olan “Don” jurnalı azərbaycanlı yazıçı Kamil Əfsəroğlunun yaradıcılığına tez-tez müraciət edir. Son bir neçə ildə jurnal yazıçının “İttiham” povestini və 10-dan çox hekayəsini dərc etmişdir.
Kamil Əfsəroğlu 1951-ci il martın 1-də Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində xarici əlaqələr və protokol şöbəsinin rəisi vəzifəsində çalışır. Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlayan Kamil Əfsəroğlu 8 kitab müəllifidir.
Roman, povest və hekayələri Rusiyanın “Don”, “Sever”, Belarusun “Neman”, “Vsemirnaya literatura” jurnallarında, Türkiyənin “Türk ədəbiyyatı”, “Qardaş qələmlər” jurnallarında, “İl”, “24 saat” qəzetlərində, Türkmənistanın “Sovet ədəbiyyatı” jurnalında, Özbəkistanın “Pərvanə” qəzetində, Kanadanın, Gürcüstanın elektron jurnallarında nəşr olunmuşdur.
Türkiyənin Türk Ədəbiyyatı Vəqfi 1988-ci ildə müəllifin “Kor seyrçilər” roman və hekayələr kitabını çap etmişdir. İstanbul radiosu Kamil Əfsəroğlunun “Tarla şarkısı” pyesinin, Ankara radiosu “Alın yazısı” pyesinin radio tamaşasını təqdim etmişlər.