RUSİYADA İRANIN İSTEHSAL ETDİYİ “PEJO-206” AVTOMOBİLLƏRİNİN SATIŞI QADAĞAN OLUNMUŞDUR
Bununla da FAXİ-nin bu qərarı İrandan ölkəyə avtomobil idxalı məsələsi ilə əlaqədar “Pejo”nun Rusiya nümayəndəliyi və “Avtodruq” şirkəti arasında uzun sürən qarşıdurmaya son qoymuşdur.
Keçən ilin payızında başlanmış münaqişə ondan ibarətdir ki, “Pejo Rus Avto” İranın buraxdığı “Pejo-206” avtomobillərinin Rusiya ərazisində satılmasının əleyhinə çıxırdı. Çünki 1,5-3 min dollar ucuz olan bu maşınların keyfiyyəti aşağı səviyyədədir. Ötən ilin axırlarında tərəflər razılığa gəlsələr də, bir müddətdən sonra “Avtodruq” Fransa tərəfinin RF Federal Antiinhisar Xidmətindən iddianın geri götürülməsi üzrə öz öhdəliyini yerinə yetirmədiyini bəhanə gətirərək, İran “Pejo”larını yenidən satmağa başlamışdır.
Lakin “Avtodruq” şirkətinin baş direktoru FAXİ-nin çıxardığı qərardan çox da məyus deyil və hesab edir ki, indi İranın elə həmin zavodunda buraxılan “Sərmənd” avtomobilini satmaq qat-qat sərfəlidir. O vurğulamışdır ki, qadağa “İran Xodro” zavoduna deyil, yalnız onun şirkətinə aiddir, buna görə də iranlıların öz “Pejo-206” maşınlarını digər hüquqi şəxs vasitəsilə satmağa başlayacaqları tamamilə mümkün haldır.