Rusiyada Volqa Bulqariyası xalqları tərəfindən islam dininin qəbul edilməsinin 1100 illiyi şərəfinə tədbirlər keçiriləcək
Moskva, 10 yanvar, AZƏRTAC
RF Müsəlmanları Ruhani İdarəsi (MRİ) Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyi şərəfinə şənliklərə start verildiyini elan edib.
RF MRİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyi ilə bağlı şənliklərin Təşkilat Komitəsi yanvarın 13-15-də Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə, habelə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsinin (622-ci il) 1400 illiyi şərəfinə şənliklərin təntənəli açılışı olacaq.
Tədbirlərə yanvarın 13-də Moskva Cümə məscidində start veriləcək. Əvvəlcə “Şihabuddin Mərcani qiraətləri” adlı “Rusiya islamı: Rusiya müsəlmanlarının çoxəsrlik təcrübəsi” mövzusunda VII Ümumrusiya illik konfransı keçiriləcək. Konfransın “Tarix və arxeologiya”, “İlahiyyat və fəlsəfə”, “Politologiya və sosiologiya” seksiya iclaslarında orta əsrlərdə Rusiyada islam tarixi üzrə aparıcı mütəxəssislər çıxış edəcəklər.
Cümə günü, yanvarın 14-də Moskva Cümə məscidində Rusiya müsəlmanlarının ruhani lideri müfti şeyx Ravil Qaynutdin Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş ibadət mərasimi keçirəcək. Həmin gün Rusiyanın baş məscidində RF MRİ Rəyasət Heyətinin və Plenumunun üzvləri, RF MRİ-nin tərkibindəki mərkəzləşdirilmiş dini təşkilatların rəhbərləri, RF MRİ-nin strukturuna daxil olan təhsil müəssisələrinin direktorları və rektorları, habelə fəxri qonaqlar toplaşacaqlar.
Tədbirlər çərçivəsində “Mədinə” Nəşrlər Evi tərəfindən hazırlanmış “Rusiyada islam təfəkkürü: dirçəliş və yenidəndərk” kitablar seriyasının təqdimatı keçiriləcək.
“Safmar” xeyriyyə fondunun və İslam mədəniyyətinə, elmə və təhsilə dəstək fondunun himayəsi ilə keçiriləcək təntənəli tədbirlərin təşkilatçıları qismində Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyi ilə bağlı şənliklərin Təşkilat Komitəsi, Beynəlxalq Müsəlman Forumu və Moskva İslam İnstitutu çıxış edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva