Rusiyalı bloger Azərbaycanı ən yaxşı yay istirahəti istiqamətlərindən biri adlandırıb
Moskva, 20 iyul, AZƏRTAC
Rusiyalı bloger, “Öz gözlərinlə görmək” adlı səhifənin müəllifi Yelena Sviridova Azərbaycana səyahəti ilə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycanı ən yaxşı yay istirahəti istiqamətlərindən biri adlandırıb.
AZƏRTAC xəbər verir ki, səyyaha ən çox təsir bağışlayan amillər Azərbaycanın mətbəxi, təbii mənzərələrinin müxtəlifliyi və tarixi irslə müasir memarlığın vəhdəti olub.
Blogerin sözlərinə görə, Azərbaycan milli mətbəxinin keyfiyyətinə görə ölkələrin şəxsi reytinqində birinci yerdədir. O, turistlərə sac, quzu kababı, nar sousunda nərə balığı, göyərti və ət ilə qutablar da daxil olmaqla ənənəvi yeməklərin dadına baxmağı tövsiyə edib. Desertlər arasında paxlava və qoz mürəbbəsi, içkilər arasında isə nar suyu, yerli şərablar və kəklikotu çayı xüsusi yer tutub.
“Bu yay mövsümündə sizə Azərbaycan lazımdır. Türkiyədən daha ucuz, BƏƏ-dən daha rəngarəng və planetin hər yerindən daha ləzzətlidir. Burada qədim tarix, müasir memarlıq, dağ mənzərələri və mülayim dəniz kimi bütün komponentlərin vəhdətini tapa bilərsiniz”, - deyə müəllif qeyd edib.
Yelena Sviridova səyahəti əsnasında paytaxt Bakıya səfər edib və orada müasir memarlıqla təzad təşkil edən Köhnə şəhəri, qədim petroqlifləri ilə məşhur olan Qobustan Dövlət Tarixi və Bədii Qoruğunu və palçıq vulkanlarını qeyd edib. Səfər proqramına Cənubi Qafqazın ən yüksəklikdə yerləşən kəndlərindən biri olan Xınalıq və Xəzər dənizi sahili də daxil idi.
Səyyahın sözlərinə görə, Azərbaycanda tətil üçün ən yaxşı dövr iyul və avqust aylarıdır. Məhz bu aylarda Xəzər dənizindəki suda rahat üzmək olur.