Rusiyanın Azərbaycan icması ölkəmizin Dövlət Müstəqilliyi Gününü qeyd edib
Moskva, 21 oktyabr, AZƏRTAC
Moskvadakı Azərbaycan İcması Evində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev tədbiri açaraq toplaşanları ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində rolunu xüsusi vurğulayıb.
Rusiya Federasiyası Dəmir Yolları Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Klinik Xəstəxanasının cərrahiyyə bölməsinin müdiri, professor Fazil Qurbanov Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvlərinə müraciət edərək deyib: “Siz Vətəninizi sevməli və onun çiçəklənməsi naminə çalışmalısınız. Bizim hər birimiz özümüzdən “Mən respublikam üçün nə etmişəm?” soruşmalı və ölkəmizin inkişafına töhfəmizi verməliyik”.
ÜAK-ın icraçı direktorunun müavini Manaf Ağayev Azərbaycanın müstəqilliyinə aparan tarixi hadisələrdən geniş söhbət açıb.
ÜAK-ın Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev rəhbərlik etdiyi təşkilatın Rusiya paytaxtında Azərbaycan icmasının birləşməsində və fəaliyyətinin əlaqələndirilməsində gördüyü işlərdən danışıb.
Bu günlərdə 70 illik yubileyini qeyd edən Əməkdar Rəssam Əsgər Məmmədov Azərbaycan İcması Evinə öz əsərlərindən birini bağışlayıb.
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin direktoru Mehman Şükürov ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və rus icmalarının rolunu vurğulayıb.
Tədbir maraqlı mədəniyyət proqramı ilə davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva