Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin başçısı: məqsəd Xəzərdə nərəkimilər sənayesini bərpa etməkdir
Bakı, 21 noyabr, Əziz Məmmədov, Göyçək Mahmudlu, AZƏRTAC
Noyabrın 21-dən 23-dək Bakıda Xəzər dənizinin bioloji ehtiyatları üzrə Komissiyanın Birinci hökumətlərarası təsis sessiyası keçirilir. Bu, çox mühüm tədbirdir. Biz xeyli müddətdir ki, Xəzərin bioloji ehtiyatlarının qorunması məsələləri ilə məşğuluq. Beş Xəzəryanı dövlət tərəfindən bu dənizin ehtiyatlarının tənzimlənməsi və ümumi idarəsi ilə bağlı birgə iş aparılması təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini, Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov jurnalistlərə müsahibəsində bu barədə danışıb. O deyib: “Hazırda biz bu işlərin davamı üçün növbəti addımlarımız, yeni işçi qrupları yaradılması barədə fikirləşməliyik. Əlbəttə, alimlər daha fəal işləməlidirlər. Sessiyanın gedişində biz balıq yetişdirilməsi, o cümlədən mühüm növ sayılan nərəkimilərin artırılması yolları barədə danışacağıq. Xəzəryanı dövlətlərin əsas məqsədi yaxın vaxtlarda - ortamüddətli perspektivdə Xəzərdə nərəkimilərin vətəgələrini bərpa etməkdir”.