Rusiyanın iqtisadi inkişaf naziri “ADA” Universitetində olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC, Əziz Məmmədov). Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 3-də “ADA” Universitetində olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın dövlət strukturlarının rəsmi şəxsləri, RF-nin Azərbaycandakı səfirliyinin nümayəndələri, “ADA” Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev Rusiya iqtisadi inkişaf nazirinin bioqrafiyasından danışaraq demişdir ki, iqtisad elmləri doktoru, professor Aleksey Ulyukayev 1994-1996 və 1998-2000-ci illərdə Y.Qaydar adına Keçid Dövrünün İqtisadi Problemləri İnstitutu direktorunun müavini, 2004-cü ilin aprelindən 2013-cü ilin iyununadək RF Mərkəzi Bankı sədrinin birinci müavini işləmiş, 2013-cü il iyunun 24-dən RF-nin iqtisadi inkişaf naziri vəzifəsində çalışır.
A.Ulyukayev səmimi qəbula görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, universitetin proqramı müasir elmin ən qabaqcıl tələblərinə cavab verir. Rusiya-Azərbaycan ticarət münasibətlərinə toxunan nazir qeyd etmişdir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi 2013-cü ilin yekunlarına görə maksimum həddə - 2,6 milyard dollara çatmişdir. Perspektivdə əmtəə döpvriyyəsini 4 milyard dollara çatdirmaq olar. O demişdir: “Dünən Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında”, “Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında” hökumətlərarası sazişlər və uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı da hazırlanma mərhələsindədir. Həmin sənədləri yaxın vaxtlarda imzalamağı düşünürük. Azərbaycan və Rusiya müştərək investisiya fondu yarada bilərlər. Bu fond iri layihələrin həyata keçirilməsinə kömək edə bilər. Rusiya artıq Qətər, Küveyt, Koreya Respublikası, Çin və digər ölkələrlə belə bir fond yaratmışdır”.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, Rusiya Azərbaycanın əhəmiyyətli iqtisadi tərəfdaşı və ən başlıca idxalçısıdır. Ölkələr arasında ticarət rejimində heç bir problem yoxdur.
Sonra çıxış edənlər “ADA” Universiteti tələbələrinin suallarına cavab vermişlər.
Tədbirin sonunda Aleksey Ulyukayevə qiymətli hədiyyələr təqdim olunhmuşdur.