Rusiyanın “Kultura” telekanalı Quba və Qusarda Qafqaz Albaniyası ilə bağlı film çəkib
Qusar, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Məşhur rusiyalı videobloger, “Predki naşix predkov” yutub kanalının sahibi Gennadiy Jiqarev Rusiyanın “Kultura” telekanalının çəkiliş qrupu ilə birgə Quba və Qusar rayonlarında Qafqaz Albaniyası ilə bağlı film hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin əsas çəkilişləri Qubanın Xınalıq və Qusarın Laza kəndlərində aparılıb.
Həmçinin Qusar şəhərindəki çörək sexində ləzgi mətbəxinin yeməyi olan şakukanın hazırlanma prosesi, Ləgər kəndində alban irsinin qalıqlarından sayılan kurqan və Qusar bazarı lentə alınıb. Çəkiliş qrupuna verilən müsahibələrdə Qafqaz Albaniyası və ləzgi xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələri haqqında ətraflı məlumat verilib. Çəkiliş qrupuna Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən dəstək göstərilib.
Filmin 2024-cü ildə öncə “Kultura” telekanalında, daha sonra isə Gennadiy Jiqarevin yutub kanalında yayımlanması nəzərdə tutulub.