Sabah bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacaq
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu və çiskinli olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi, yağışın səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 10-13° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi cənub və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 9-14° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 8-13° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-2°, gündüz 6-10° isti olacağı ehtimalı var.