CƏMİYYƏT
Sabah hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-32° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 3-də Abşeron yarımadasında xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-30° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 30-35° isti, dağlarda gecə 16-19°, gündüz 25-30° isti olacağı bildirilir.