“Sabah” klubu xatirə turnirinin qalibi olub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən hesab edilən Anatoli Banişevskinin anadan olmasının 73-cü ildönümü ilə əlaqədar AFFA, Futbol Veteranları İttifaqı və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə xatirə turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandaların iştirak etdiyi turnirin final oyunundan əvvəl AFFA-nın və “Neftçi” klubunun nümayəndələri, təşkilatçılar, veteran futbolçular A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.
Daha sonra həlledici oyunda “Səbail” və “Sabah” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyundan sonra keçirilən penaltilər seriyasında rəqibini 2:4 hesabı ilə məğlub edən “Sabah” turnirin qalibi olub. Üçüncü yer uğrunda keçirilmiş oyunda isə “Neftçi” “Xəzri” üzərində 5:0 hesablı qələbə qazanıb.
Fərid Məcidov (“Neftçi”) turnirin ən məhsuldar oyunçusu olub. Babamirzə Mehdiyev (“Sabah”) ən yaxşı oyunçu, Aqşin Nəsirov (“Səbail”) ən yaxşı qapıçı, İslam Kərimov isə ən yaxşı məşqçi seçilib. “Fair play” mükafatı Məsum Əliyevə (“Səbail”) təqdim olunub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.