SABAH.HUB-ın icraçı direktoru: Universitetlər və biznes arasında əlaqə daha erkən qurulmalıdır
Bakı, 26 sentyabr, AZƏRTAC
Universitetlər və korporativ sektor arasında mövcud olan bacarıq boşluğunun aradan qaldırılması üçün şirkətlər təhsil prosesinə daha erkən mərhələdə cəlb olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu SABAH.HUB-ın icraçı direktoru Rəhim Bayramlı Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda paneldə deyib.
Rəhim Bayramlı bildirib ki, universitetlərin hazırladığı proqramlarla korporativ sektorun real ehtiyacları arasında əhəmiyyətli fərq mövcuddur: “Bacarıqların inkişafına gəldikdə də universitetlərlə korporativ sektor arasında həmişə çox böyük boşluq var. Bu əlaqənin və kommunikasiya körpüsünün yaradılması çox vaxt çətin olur. Bu problemin həlli üçün biznes nümayəndələri təhsil prosesinə daha erkən mərhələdə qoşulmalıdır. Fikrimcə, şirkətlər təhsil prosesinə daha erkən mərhələdə cəlb olunmalıdır”.
Rəhim Bayramlı qeyd edib ki, SABAH.HUB çərçivəsində Azərbaycanın aparıcı universitetlərini və korporativ sektoru bir araya gətirməklə bu əlaqənin qurulmasına çalışılır: “Məqsəd yalnız mövcud əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması deyil, gələcək iqtisadiyyat üçün tələb olunan bacarıqların əvvəlcədən müəyyənləşdirilməsi və təhsil sisteminin bu tələblərə uyğunlaşdırılmasıdır”.