Sabirabadda “Qələbədən Qələbəyə 29 il” adlı sərgi açılıb
Sabirabad, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə ilk partiya təşkilatı tərəfindən partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, idarə aparatının və idarəyə tabe müəssisələrin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Sabirabad rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunan “Qələbədən Qələbəyə 29 il” adlı sərgiyə baxış keçirilib. Sərgidə ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında kitablar nümayiş olunub.
Sonra İdarə rəisi iştirakçıları Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin yaratdığı partiyanın qısa müddət ərzində ümumxalq partiyasına çevrilməsindən, 29 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyi diqqətə çatdırılıb.
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyindən, xalq, dövlət qarşısında xidmətlərindən, cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirməsindən, ümumxalq partiyası olmasından danışıblar.