“Şabran” qəzetinin 80 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Şabran şəhərində eyniadlı qəzetin 80 illik yubileyi qeyd edilmişdir.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, mərasimdə rayon icra hakimiyyətinin, yerli təşkilatların, ictimaiyyət nümayəndələrinin təmsilçiləri, Azərbaycan Mətbuat Şurasının nümayəndələri və ətraf bölgələrdə çıxan qəzetlərin baş redaktorları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılmış abidəsini ziyarət etmişlər.
Toplantının keçirildiyi mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgidə “Şabran” qəzetinin 80 ildə keçdiyi yolla tanışlıq üçün toplanmış materiallar nümayiş olunmuşdur.
Tədbirdə “Şabran” qəzetinin baş redaktoru Çingiz Məmmədov nəşrin ötən müddətdəki ömür yolunun ayrı-ayrı məqamları barədə ətraflı söhbət açmışdır.
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirmişdir ki, “Şabran” qəzetinin 80 illiyinin milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır.
Yubileylə bağlı MŞ-nin həyata keçirdiyi tədbirlərdən söhbət açan Ə.Amaşov dahi mütəfəkkirin hər bir bölgənin qəzetinin həmin yerin aynası olmasının vacibliyinə dair fikrini xatırlatmışdır.
Ə.Amaşov mətbu orqanın əməkdaşlarına rəhbərlik etdiyi qurumun fəxri diplomlarını təqdim etmişdir.
“Xaçmaz” qəzetinin baş redaktoru Zinyət Yaqubqızı ölkənin şimal-şərq regionunda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin adından şabranlı həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra rayon ictimaiyyətinin nümayəndələri, qəzetin keçmiş əməkdaşları, fəal oxucuları “Şabran”la bağlı təəssüratlarını bölüşmüşlər.
Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov qəzetin keçdiyi yola nəzər salaraq nəşrin hər sayının qədim diyarın canlı salnaməsini yaratmaq baxımından çox qiymətli məxəz olduğunu vurğulamışdır.
N.Novruzov, həmçinin təsisçi kimi icra hakimiyyətinin “Şabran” qəzetinin daha da güclənməsi istiqamətində gördüyü işlərdən də söhbət açmışdır.
Mərasimin sonunda qəzetin əməkdaşlarına RİH-in diplom, hədiyyə və mükafatları təqdim olunmuşdur.