Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə respublika çempionatı keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Ciu-Citsu Federasiyasının yaranmasının 20 illiyi ilə bağlı respublika birinciliyi keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ciu-Citsu Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. Çempionatda 17 yaşadək idmançılar güclərini sınayıblar. Yarışda idmançılar ciu-citsunun “Ne-Waza” və “Fighting” növləri üzrə mübarizə aparıblar.
Azərbaycan Ciu-Citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev AZƏRTAC-a bildirib ki, yarışın açılış mərasimində federasiya yaranandan indiyədək əməyi olan idarə heyətinin üzvləri, məşqçilər, ölkəmizi dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə layiqincə təmsil etmiş idmançılar iştirak ediblər. Onlara federasiyanın vitse-prezidentləri Mirəli Seyidov və Seymur Səfərov tərəfindən fəxri diplomlar, müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yarışda birinci yeri tutmuş yeniyetmələrə medal və fəxri diplomlar verilib.