CƏMİYYƏT
Şagirdlər narkomaniyanın zərərləri barədə məlumatlandırılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Nəsimi Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 44 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a işçi qrupundan məlumat verilib. Əvvəlcə məktəbin foyesində yuxarı sinif şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sərgidə narkomaniyanın insan sağlamlığına fəsadlarını əks etdirən rəsmlər təqdim olunub.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.