Şagirdlər Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzində olublar
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə layihəsi əsasında Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri əvvəlcə Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən kabinə və emalatxanalarla tanış olublar.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toxuculuq və tikiş texnologiyası, kulinariya kabinəsi, metal və ağac emalı üzrə emalatxanada olan şagirdlər müvafiq sahələr üzrə texnologiyaları öyrəniblər. Məlumat verilib ki, mərkəzdə tələbələr tərəfindən hazırlanan müxtəlif əl işləri, milli geyimlər, xalça nümunələri mərkəzə gələn qonaqlar tərəfində rəğbətlə qarşılanır. Diqqətə çatdırılıb ki, Texnologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr burada dərslərdə öyrəndiklərini praktikada tətbiq edərək biliklərini möhkəmləndirirlər.
Sonra şagirdlərə kabinələrdə ustad dərsi keçirilib. Dərs zamanı şagirdlər məktəbdə keçirilən Texnologiya fənnində öyrəndikləri nəzəri bilikləri mərkəzdə praktiki olaraq tətbiq ediblər. Onlar qədim xalq sənəti olan xalçaçılığın sirlərini öyrənərək onun incəliklərini mənimsəyib, sərbəst şəkildə ilmə vurma bacarığına yiyələniblər. Eyni zamanda, şagirdlər qurama, istifadə müddəti bitmiş geyimlərdən xalçaların toxunmasının əyani şahidi olublar. Mərkəzin qonaqlarına bədii tikmə, toxuma, gündəlik məişətdə istifadə edilən əşyaların hazırlanması qaydaları da izah edilib. Kulinariya kabinəsində isə şagirdlər yeməklərin hazırlanma prosesində yaxından iştirak ediblər.