ŞAGİRDLƏRİN BEYNƏLXALQ QIZIL XAÇ VƏ QIZIL AYPARA CƏMİYYƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Bakı, 2 aprel (AZƏRTAC). Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri nümayəndələrinin Yasamal rayonundakı 53 nömrəli məktəbin şagirdləri ilə görüşü keçirilmişdir.
Tədbirdə Kəlbəcər şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Beynəlxalq Qızıl Aypara Cəmiyyəti Yasamal rayon şöbəsinin nümayəndəsi Şahin Hüseynov, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təmsilçisi Vüqar Nağıyev, məktəbin dil-ədəbiyyat müəllimi Səidə Sideifzadə, şagird təşkilatının fəalı Nəzərbəy Hacağayev və başqaları gənc nəslin humanist ideyalar əsasında tərbiyə olunmasında, yeniyetmələrin gələcəyin layiqli vətəndaşı kimi böyümələrində belə görüşlərin əhəmiyyətini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyada nüfuzu artmış, beynəlxalq ictimaiyyətin ölkəmizə marağı yüksəlmişdir. Bu gün ulu öndərin siyasi xəttini inamla davam etdirən Prezident İlham Əliyevin 2009-cu ili “Uşaq ili“ elan etməsi məktəblilərin fəallığının daha da artmasına səbəb olmuşdur.
Görüşdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparıldığı xüsusi qeyd edilmiş, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağına, problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinə əminlik bildirilmişdir.
Tədbir diskussiya şəklində davam etmişdir. Şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.