CƏMİYYƏT
“Sağlam cəmiyyət” forumu MDB ölkələrinin dialoq platforması olacaq
Bakı, 9 fevral, AZƏRTAC
Martın 23-24-də Sankt-Peterburqdakı Tavriya sarayında “Sağlam cəmiyyət” forumu keçiriləcək. Tədbirin təşkilatçıları “Sağlam cəmiyyət” Roskonreqs Fondu və Rusiya Federasiyasının Səhiyyə Nazirliyidir. Forum MDB iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyası, Leninqrad vilayətinin hökuməti və Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə təşkil olunur.
AZƏRTAC Roskonqres Fonduna istinadla xəbər verir ki, ilk dəfə forum Rusiyanın və MDB ölkələrinin hakimiyyət orqanlarının və ekspertlərinin dialoq platforması olacaq. Tədbirin keçirilməsindən məqsəd səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, yüksək texnologiyaların inkişafı və tətbiqi, Birlik məkanında tibb məhsullarının istehsalının stimullaşdırılmasıdır. Forum “Sağlamlıq naminə əməkdaşlıq məkanı” devizi altında təşkil olunur.
“Sağlam cəmiyyət” forumunda Rusiya və MDB ölkələrinin aparıcı səhiyyə ekspertləri iştirak edəcəklər. Tədbirin işgüzar proqramı çərçivəsində tibbi xidmətin təşkili sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Birlik ölkələri arasında qarşılıqlı fəaliyyət, təcrübə mübadiləsi və vətəndaşlarımızın rifahının təmin edilməsi üçün ən yaxşı səhiyyə praktikalarının genişləndirilməsi məsələləri qaldırılacaq”, -deyə Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko qeyd edib.
Tədbirdə dövlət orqanlarının rəhbərləri ilə yanaşı, biznesmenlər, qabaqcıl təhsil və elm təşkilatlarının başçıları, Rusiya və MDB-nin elmi cəmiyyətlərinin nümayəndələri də iştirak edəcəklər.