SAĞLAMLIĞINIZI QORUYUN
ANKARA. Meyvə və tərəvəzdən, dənli bitkilərdən müntəzəm istifadə etməklə azı 38 xəstəliyi müalicə etmək olar. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, onların tərkibindəki vitaminlər ən müasir tibb preparatlarından daha yaxşı və güclü təsir göstərir.
Qış fəslində çox geniş yayılan qrip xəstəliyini S vitamini ilə zəngin olan portağalla müalicə etmək daha yaxşıdır. Bu sitrus meyvəsindən gündə 2-4 ədəd yeyilməsi ahıl yaşda insult keçirmək və ürək xəstəliklərinə tutulmaq riskini də azaldır.
Həkimlər qriplə mübarizədə nanəni də məsləhət görürlər. Nanə həzmi normallaşdırmağa kömək edir və mədə xorasının əmələ gəlməsinin qarşısını alır. Qripin qarşısını xardal və darçınla da almaq olar. Gündə 1-2 çay qaşığı xardal əsəb sisteminin işini sabitləşdirir və mədə ağrılarını kəsir. Lumu şirəsi və ya bal ilə qarışdırılan darçın isə boğaz ağrılarını götürür.
Həkimlər qan təzyiqinin yüksək olmasından şikayətlənənlərə kaliumla zəngin olan banan yeməyi tövsiyə edirlər. Banan ürək-damar sisteminin sabit işləməsinə də kömək göstərir. Qan təzyiqini razyana çayı və taxıl dəni də normallaşdırır. Onlar həm də dişləri qoruyur. Bu baxımdan meyvə və tərəvəz, habelə yoğurt və qoyun pendiri də yaxşıdır. Sonuncular tərkibindəki kalsiuma görə xüsusilə faydalıdır.
Ənginar (artişok) qara ciyərin, revmatizm və artritin müalicəsi üçün olduqca xeyirlidir. Qədimdən bəri bronxit və xora xəstəlikləri kimi, bu xəstəlikləri də biyan kökləri ilə müalicə edirlər. O, qan dövranını da normallaşdırır və ümumi stres əmələ gəlməsinin qarşısını alır.
Depressiyadan, süstlükdən əziyyət çəkənlərə həkimlər avokado və istridyə (dəniz ilbizi) yeməyi məsləhət görürlər. Əgər buna imkan yoxdursa onları kartof və ya arpa ilə tam əvəz etmək mümkündür. Həkimlər bildirirlər ki, çox da iri olmayan bir ədəd kartofda insana gün ərzində tamamilə kifayət edən miqdarda S vitamini var. O ki qaldı arpaya, onun tərkibindəki B vitamini immun sistemini möhkəmləndirir və orqanizmin müqavimət qabiliyyətini yüksəldir. ABŞ-da aparılmış tədqiqatlar aşkara çıxarmışdır ki, altı ay ərzində hər gün arpa məmulatından istifadə edən adamların qanında xolesterin 15 faiz aşağı düşür.
“Sabah” qəzeti mədə ağrıları ilə çobanyastığından dəmlənmiş çayla mübarizə aparmağı məsləhət görür. O, əsəb sisteminin normal işləməsinə də kömək edir.
Ərik allergiyaya qarşı təsirli vasitədir. Ondan hər hansı şəkildə istifadə olunması xərçəng xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır və astmanı müalicə edir.
Qəzet yazır: “Kəskin ehtiyac olmadan aptekə qaçmayın. Təbiətin nemətləri sizi bir çox xəstəliklərdən qoruyar və azar-bezarların əksəriyyətini müalicə edər”.
x x x
TOKİO. İTAR-TASS-ın verdiyi xəbərə görə, Yaponiyada qaraciyər xərçəngi ilə mübarizədə böyük uğur qazanıldığı elan edilmişdir. Osaka universitetinin bir qrup alimi tərəfindən hazırlanmış yeni müalicə sistemi bu xəstəliyin ağır foramasına düçar olmuş səkkiz xəstədə sınaqdan çıxarılmışdır.
Yayılmış məlumata görə, bir neçə ay klinik sınaqlar aparıldıqdan sonra üç adam tamamilə sağalmış, qalanlarında isə şiş iki dəfə azalmışdır. Layihənin rəhbəri professor Morito Mondenin dediyinə görə, müalicə sxemi interferonun virus əleyhinə zülalının bir növünün şiş əleyhinə vasitə --5-ftoruratsil ilə kombinasiyalı şəkildə tətbiq edilməsinə əsaslanır.
Yaponiyanın Səhiyyə və Əmək Nazirliyi bildirmişdir ki, ölümlə nəticələnən bütün bədxassəli şişlər arasında qaraciyər xərçəngi 4-cü yerdədir. Təkcə Yaponiyada ondan hər il təxminən 30 min adam ölür.
x x x
ANKARA. Əgər siz əsəbisinizsə, ətrafınızda baş verən hadisələr sizi çox qıcıqlandırırsa və hisslərinizi cilovlaya bilmirsinizsə, narahat olmayın. Qara Dəniz Texniki Universitetinin professoru Ünər Tan əmin edir ki, kəmhövsələlik yüksək düşüncəlilik və reflektivlik əlamətidir.
Türk alimi Britaniyanın “Yeni dünya tapıntıları fondu”nun sifarişi ilə apardığı tədqiqat nəticəsində bu qeyri-adi qənaətə gəlmişdir. 104 adam arasında test formasında aparılmış tədqiqatdan məqsəd kişilərin, yoxsa qadınların əsəblərinin daha zəif olduğunu müəyyənləşdirmək idi. Güclü məxluqun nümayəndələri həmin göstəricidə qadınlardan geri qalırlar və bu, Tanın fikrincə, onlarda “kişi hormonlarının” çoxluğu ilə bağlıdır.
Lakin insan fiziologiyası sahəsində türk eksperti hesab edir ki, çox vaxt əsəbi adamlar hövsələli adamlardan daha fəhmli olur və ona görə də bunu ciddi çatışmazlıq adlandırmaq çətindir.