REGİONLAR
Salyan Tarix-Diyarşünaslıq Muzeyində 11 mindən çox eksponat saxlanılır
Salyan, 10 noyabr, Mahir Babayev, AZƏRTAC
Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində milli-mədəni tariximizi əks etdirən 11 mindən çox nadir eksponat qorunub saxlanılır.
AZƏRTAC xəbər verir ki, şair Əli bəy Hüseynzadənin adını daşıyan muzey 1981-ci ildə yaradılıb. İkimərtəbəli binada yerləşən, 2 foye, 5 zal və fond otağından ibarət olan muzeydə müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri, mis, bürünc məişət əşyaları, qədim gil çıraqlar, müxtəlif geyim və parça növləri, qədim dövrlərdə istifadə olunan qadın və kişi aksessuarları, müxtəlif sikkələr, tütün kisələri, təsərrüfat avadanlıqları saxlanılır.
Muzeydə Azərbaycan tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanıb. Nümayiş olunan eksponatların ən qədimi 2800 illik tarixə malik Babazanlı küp qəbirlərdir. Muzeydə saxlanılan küplər, çıraqlar və digər eksponatlar rayonun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı və Qırxçıraq kəndlərindən tapılıb.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli AZƏRTAC-a bildirib ki, gün ərzində muzeyə 30-35 ekskursiya təşkil olunur. Muzeyin fəaliyyət göstərdiyi 35 il ərzində burada 11 mindən çox eksponat toplanıb ki, onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.
Muzeydəki eksponatlar arasında ən çox diqqət çəkəni rayon ərazisindəki Babazanlı abidələrində aparılan arxeoloji qazıntılar zamanı tapılan müxtəlif məişət əşyaları və şair publisist Əli bəy Hüseynzadənin naşiri olduğu “Həyat” qəzetinin ipək parça üzərindəki ilk nömrəsidir.