Salyanda 15 minədək əhali abonenti və sənaye obyektlərinin təbii qaz təchizatı yaxşılaşdırılacaq
Bakı, 5 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, istismar müddəti başa çatmış diametri 530 millimetr olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 millimetrlik polietilen boru ilə əvəzlənir. Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər İB-nin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra şəhər ərazisində 15 minədək əhali abonenti və sənaye obyektlərinin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
Ucar rayonunda yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsində CNG (sıxılmış təbii qaz) yanacaq növündən istifadəni təmin etmək üçün qaz xəttinin çəkilişi işləri də həyata keçirilir. Diametri 160 millimetr, uzunluğu 24 kilometr olan yeni qaz xətti başlanğıcını Ucar Qazpaylayıcı Stansiyasından götürərək Müsüslü kəndində başa çatacaq. İşin həcmi böyük olduğundan əraziyə maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. Qaz xəttinin 13 kilometrdən çox hissəsinin çəkilişi artıq yekunlaşıb. Görülən işlərin 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, görülən işləri “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi həyata keçirir.