Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı NDU-nun tələbələri üçün elmi-nəzəri seminar keçib
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində “Yer qrupu planetlərinin atmosferlərinin fiziki-kimyəvi xüsusiyyətləri” mövzusunda vebinar keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov bu cür vebinarların tələbələrin təcrübi bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, dosent Ədalət Ətayi “Yer qrupu planetlərinin atmosferlərinin fiziki-kimyəvi xüsusiyyətləri” adlı çıxışında qeyd edib ki, Yer və Günəş sisteminin digər planetlərinin yaranması haqında bir çox fərziyyələr mövcuddur. İlk geniş yayılmış kosmoqonik fərziyyələr XVIII əsrdə yaşamış İ.Kant və P.Laplasa mənsubdur. Onlar Günəş sisteminin qızmar qaz və toz dumanlıqlarından yaranmasını güman edirdilər.
Bildirilib ki, XX əsrdə O.Şmidt və onun tərəfdarlarının yeni elmi dəlillər əsasında irəli sürülmüş kosmoqonik fərziyyəsi daha geniş yayılıb. Bu fərziyyəyə görə Yer və Günəş sisteminə daxil olan digər planetlərin diskə oxşar formaya malik olan və yavaş fırlanan soyuq qaz, toz dumanlığından yaranması güman edilir. Qeyd olunur ki, Yer və digər planetlər sıxılma nəticəsində yaranıb. Yerin bir planet kimi yaranmasından keçən müddət planetar yaş adlanır. Yerin planetar yaşı ən azı 6 milyard ildir.
Sonra müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.