Şamaxı, İsmayıllı və Qəbələdə müasir üslublu maarifləndirici bilbordlar quraşdırılıb
Bakı, 29 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında əhalinin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi məqsədilə müasir üslublu və böyük ölçülü sosial reklam lövhələri quraşdırılıb.
Sözügedən rayonlarda DYNX-nin əməkdaşları tərəfindən həmin reklam lövhələrinin ətrafında maarifləndirmə tədbirləri də keçirilib.
Tədbirlərdə qeyd olunan rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin və “Aqroservis” ASC-nin nümayəndələri, yerli sahibkarlar və fermerlər iştirak ediblər.
Tədbirlərin iştirakçıları yeni quraşdırılmış reklam lövhələrinin əhəmiyyətindən söz açıb, maarifləndirici sosial reklam qurğusunun quraşdırılmasının yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması baxımından mühüm addım olduğunu vurğulayıblar. Bundan başqa, taxıl biçini mövsümünün başlanması ərəfəsində müəssisə və təşkilat rəhbərlərinə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə DYNX-nin mütəxəssisləri tərəfindən müvafiq yanğın təhlükəsizliyi normaları barədə ətraflı məlumat verilib, yerli özünüidarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda yanğın təhlükəsizliyi ilə bağlı suallar cavablandırılıb, iştirakçılara Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən maarifləndirici çap materialları paylanılıb.