Samur-Yalama Milli Parkında “açıq qapı” günü keçiriləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Təbiəti ilə fərqlilik yaradan və Xəzər dənizini meşə ilə birləşdirən Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar noyabrın 5-də milli pakda “açıq qapı” günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının zəngin biomüxtəlifliyini görmək istəyən ekoturizm həvəskarlarını milli parka dəvət edib.
“Samur-Yalama Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb”.