İDMAN
Savat və Şaolin döyüş növləri üzrə turnirə start verilib VİDEO
Bakı, 20 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Savat (Fransız boksu) və Şaolin döyüş növləri üzrə turnirin açılış mərasimi keçirilib. Turnir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri və müxtəlif federasiyaların rəhbərləri iştirak ediblər.
AZƏRTAC verir ki, açılış mərasimində əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MOK-un vitse-prezidenti Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov 20 Yanvar hadisələrinin müstəqilliyə gedən yolda xalqımızın şərəf və ləyaqət salnaməsi olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, idman ictimaiyyəti bu cür yarışların keçirilməsi ilə öz şəhidlərinə ehtiramlarını nümayiş etdirir.
Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev Prezident İlham Əliyevə idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Federasiya prezidenti savat - fransız boksu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında təmsil oluna biləcəyini qeyd edib. O, bu yarışa qatılan yeniyetmə və gənclər arasında da Olimpiya oyunlarında iştirak edənlərin olacağına əminliyini bildirib.
Rafiq Əliyev federasiyanın artıq ilk uğur qazandığını da diqqətə çatdırıb. Belə ki, Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.
Açılış mərasiminin sonunda Xəzər İsayev Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının ilk fəxri üzvü elan edilib və fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, yarışa 16 komandadan 140 idmançı qatılıb. Turnirdə Bakı, Abşeron, Astara və Tovuz idmançıları qüvvəsini sınayır.