Şavkat Mirziyoyev: Özbəkistanda 157 milli mədəniyyət mərkəzinin maddi-texniki bazası möhkəmləndirilib
Bakı, 30 iyul, AZƏRTAC
Özbəkistanda 157 milli mədəniyyət mərkəzinin və 46 dostluq cəmiyyətinin maddi-texniki infrastrukturunu gücləndirmişik. Burada keçirilən milli bayramlar, dostluq axşamları, festivallar və görüşlər ölkənin mədəni kimliyini formalaşdıran mühüm tədbirlərə çevrilir.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkədə qeyd olunan Xalqlar Dostluğu Günü münasibətilə bayram təbrikində yer alıb.
Dövlət başçısı qeyd edib: “Özbəkistandakı təhsil müəssisələrində təhsil yeddi dildə həyata keçirilir, qardaş xalqlarımızın dillərində tədris verən məktəblərdə isə dövlət hesabına dərsliklər və ədəbiyyat təmin olunur. Televiziya və radio verilişləri 12 dildə yayımlanır, qəzet və jurnallar isə 14 dildə nəşr olunur”.
Özbəkistan Prezidenti qeyd edib ki, hazırda müxtəlif millətlərdən olan vətəndaşlar, o cümlədən deputatlar və senatorlar, dövlət və ictimai xadimlər, görkəmli sənayeçilər və iş adamları, elm, mədəniyyət, incəsənət və idman nümayəndələri bir çox sahələrdə uğurla çalışırlar. Onlardan təxminən 2000 nəfəri ən yüksək mükafatlara - fəxri adlara, ordenlərə və medallara layiq görülüb ki, bu da ölkədə sosial bərabərliyin, ədalətin və inklüzivliyin daha bir praktik təsdiqidir.
Təbrikin sonunda deyilir: “Biz heç vaxt unutmamalıyıq ki, xalqlar arasında dostluq müqəddəs dəyərdir, dinc, azad və firavan həyatımızın təminatıdır. Bu gün vahid xalqımız, həmrəy cəmiyyətimiz övladlarımızın xoşbəxtliyi, doğma Özbəkistanımızın gələcəyi naminə inkişaf yolu ilə irəliləyir və ali məqsədlərinə mütləq çatacaq”.