“Schlumberger”: Neft-qaz bazarı optimistdir
Bakı, 7 mart, AZƏRTAC
Keçən illərə nisbətən qlobal neft-qaz sektorunda investisiyalar bir az artıb. Bu da bazarda optimizm meydana gəlməsi üçün əhəmiyyətli olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dünyanın ən böyük neft yataqlarına xidmət şirkəti olan “Schlumberger”in baş icraçı direktoru Paal Kibsgaard ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında deyib.
O bildirib ki, 2014-cü ilin sonlarına doğru sərt eniş göstərməyə başlayan neftin qiyməti ilə əlaqədar “Schlumberger”in gəliri 18 ayda 50 faiz nisbətində azalmışdı və şirkət 70 min əməkdaşını işdən çıxarmaq məcburiyyətində qalmışdı. Şirkət 4 dəfə kiçilmə prosesi keçib. Hər kəs bazarın tsiklik olduğunu bilir. Lakin qiymətdəki eniş təxmin ediləndən daha uzun və dərin oldu.
P.Kibsgaard deyib ki, keçən ildən etibarən Şimali və Cənubi Amerika başda olmaqla, Orta Şərq, Rusiya və Şimal dənizində neft və təbii qaz istehsalı yenidən artmağa başladı. Neftin qiymətinin son 6 ayda bahalaşması ilə hazırda qlobal neft bazarında tarazlıq yaranır. Orta müddətdə qlobal neft tələbatını ödəmək üçün investisiyalar yenə də azdır. Sektorda investisiyalar artmağa davam etməlidir.
“Neftin qiymətindəki ucuzlaşmadan sonra “Schlumberger” istehsal məhsuldarlığı, tutum istifadəsi, xərcləri aşağı salma və məlumat toplama sahələrinə diqqəti yönəldib. Neft-qaz sənayesində bulud texnologiyasının əhəmiyyəti artıb. Bunun sənayeyə çox böyük təsiri olacaq. “Schlumberger” Şimal dənizindəki bəzi yataqlarda rəqəmsal optimallaşdırma tətbiq edir. Buradakı bəzi neft platforma və yataqlarda çox məhsuldar nəticələr alınıb. “Schlumberger” digital optimallaşdırma üçün Kaliforniyanın şimalındakı Silikon Vadisində araşdırma mərkəzi qurub. Həmçinin şirkətin Boston, Cambridge və Parisdə məlumat araşdırma mərkəzləri var”, - deyə o əlavə edib.