SƏBAİL RAYONU HESABAT VERİR
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, iş adamları, ziyalılar və ağsaqqalların iştirak etdiyi hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov ölkəmizin prezidentinin Azərbaycanın bugünkü uğurlarını və gələcək inkişafını təmin edən siyasətinin əsas istiqamətləri, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin yeni tarixi şəraitə uyğun olaraq davam etdirilməsi, ölkənin və regionların sürətli sosial inkişafını nəzərdə tutan Dövlət Proqramının yerinə yetirilməsi vəziyyəti, Azərbaycanın milli maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasət yeridilməsi, milli birliyin və milli mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi, insan hüquqlarının qorunması, vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi, söz azadlığı, əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışmışdır. O, xüsusi vurğulamışdır ki, xalq öz rəhbərinə inanır, taleyini etibar etdiyi Prezidentinin gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir, onun başçılığı altında Azərbaycanın gələcəyinə ümidlə baxır. Respublikamızın hər yerində olduğu kimi, ölkəmizin paytaxtında, o cümlədən onun mərkəzi rayonu olan Səbail rayonunda son vaxtlar baş verən dəyişikliklər, xüsusilə tarixi və mənəvi dəyərlərmizin daha dərindən öyrənilməsi və inkişafı üçün şərait yaradılması möhtərəm Prezidentimiz İlham Əliyevin adı, onun diqqət və qayğısı ilə bağlıdır.
Sahib Ələkbərov rayonun 2005-ci il iqtisadi göstəricilərini xatırladaraq qeyd etmişdir ki, sənaye müəssisələrində 269,3 milyon AZN və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,7 faiz çox məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir. Bu sahədə çalışanların orta aylıq əmək haqqı 287,9 AZN, o cümlədən dövlət bölməsi üzrə 200,1 AZN, özəl bölmə üzrə isə 477,9 AZN olmuşdur. İri nəqliyyat və rabitə müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi keçən ilin səviyyəsini 49,6 faiz üstələmişdir. Ticarət və xidmət sahələrində 289,2 milyon manatlıq istehlak malları satılmış, pullu xidmətlər göstərilmişdir. Bu da 2004-cü ildəkindən 28,6 faiz çoxdur. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 17,3 faiz, pullu xidmətlərin həcmi isə 17,8 faiz artmışdır. Əhaliyə göstərilən digər sosialyönümlü pullu xidmətlərin həcmi 2004-cü ildəkinə nisbətən 1,3 dəfə artmışdır.
2005-ci ildə 6923 yeni iş yeri, o cümlədən 6429 daimi iş yeri açılmışdır.
Natiq sahibkarlığın inkişafı, məşgulluq probleminin həlli, təhsil, səhiyyə və mədəniyyətlə, gənclərlə, hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı həyata keçirilən tədbirlərdən, vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasından, rayonda aparılan abadlıq və quruculuq işlərindən, əlillərin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində atılmış addımlardan və s. söz açmışdır.
Rayon icra hakimiyyətinin başçısı problemləri, həlli vacib məsələləri də xatırlatdıqdan sonra ölkəmizin başçısını əmin etmişdir ki, rayon icra hakimiyyəti, rayonun ziyalıları və bütün ictimaiyyəti bundan sonra da xalqımızın güzəranının durmadan yaxşılaşdırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artırılması üçün bütün imkanları səfərbər edəcəklər.
Hesabat məruzəsinin müzakirəsində Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə, rayon təhsil şöbəsinin müdiri Sara Xanlarova, “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsinin rəisi Tofiq Axundov, səhiyyə şöbəsinin müdiri Muxtar Paşayev, polis idarəsinin rəisi Xanlar Zeynalov, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Səbail bələdiyyəsinin üzvü Hacı Babayev, İSR şirkətlər qrupunun vitse-prezidenti Zəfər Tangil çıxış etmişlər.
Hesabat yığıncağında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Canpolad Musayev, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Səbail rayonundan Milli Məclisə deputat seçilmiş Fuad Muradov iştirak etmişlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.