Seedstars World müsabiqəsinin Azərbaycan üzrə qalibi açıqlandı
Bakı, 4 may, AZƏRTAC
Mayın 3-də “PAŞA Bank” və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutdu. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəldi.
AZƏRTAC xəbər verir ki, layihənin iştirakçıları SABAH qrupları tələbələridir.
“Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" oldular.
Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.
Bildirilib ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azercell” şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri - startapları dəstəkləyərək onların şirkətləşməsinə yardım edir.