Səfir Lətif Qəndilov: Azərbaycanın ikinci Dünya müharibəsində qələbədə rolu danılmazdır
Pekin, 15 sentyabr, AZƏRTAC.
Çin Xalq Respublikasının (ÇXR) Xarbin şəhərində ikinci Dünya müharibəsində militarist Yaponiyaya qarşı döyüşlərdə iştirak etmiş sovet və Çin hərbçilərinin yaxın qohumları ilə görüş keçirilib.
Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının və ÇXR-in Xeyloncian əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilmiş görüşə sovet ordusunun sərkərdələri - marşallar Vasilevski, Malinovski, Çuykov, Zaxarov və general Derevenekonun, habelə Uzaq Şərq cəbhəsindəki döyüşlərdə şücaət göstərmiş hərbçilərin qohumları dəvət olunmuşdu.
Tədbir iştirakçıları əvvəlcə sovet döyüşçülərinin xatirə abidəsi önünə əklil qoyublar.
Çində ikinci Dünya müharibəsində qələbənin 70 illiyi tədbirləri çərçivəsində keçirilən mərasimdə çıxış edən Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov deyib ki, faşizm üzərində qələbə müxtəlif ölkələrin və xalqların birliyi sayəsində mümkün olub. Azərbaycanın bu qələbədə danılmaz roluna toxunan səfir qeyd edib ki, o vaxt üç milyon əhalisi olan Azərbaycandan 600 min nəfər cəbhəyə gedib, onların 400 min nəfəri həlak olub. Azərbaycanlılardan ibarət beş diviziya - 77, 203, 252, 402 və 416-cı diviziyalar müharibədə öz şücaəti ilə seçilib, 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
“Motorların müharibəsi” adlanan ikinci Dünya müharibəsi zamanı Azərbaycanın sovet ordusunun neft məhsullarına olan tələbatının 92 faizini təmin etdiyini vurğulayan səfir L.Qəndilov, akademik Yusif Məmmədəliyevin tank və təyyarələr üçün yeni yanacaq növünü kəşf etdiyini bildirib. O, həmçinin azərbaycanlı hərbçilərin şəxsi qəhrəmanqlıqlarından söz açıb, bakılı kəşfiyyatçı Rixard Zorgenin xidmətlərini yada salıb.
Səfir, eyni zamanda, babası Cahanagir İmanovun keçdiyi döyüş yolundan danışaraq, onun Hitler Almaniyasına qarşı döyüşlərdə iştirak etdiyini, sonra isə Şərq cəbhəsinə göndərildiyini, Yaponiya üzərindəki qələbəyə görə medal ilə təltif edildiyini diqqətə çatdırıb.
Azərbaycanın ikinci Dünya müharibəsində qələbəyə töhfəsi haqqında məlumatı olmayan bir çox konfrans iştirakçıları üçün bu faktlar xeyli təəccüblü və təsirli olub. Bu baxımdan Azərbaycanın belə tədbirlərdə təmsil olunması və ikinci Dünya müharibəsində qələbədə rolu barədə məlumatların verilməsi tarixi ədalətin təmin edilməsi baxımından vacibdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin