SİYASƏT
Səfir: Ukraynada diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib
Xarkov, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xarkov şəhərində ölkəmizin diaspor nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirmək məqsədi daşıyıb. Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir S.Mərdəliyev bildirib ki, bu gün Ukraynada yaşayan soydaşlarımız qalib ölkənin diaspor fəalları kimi qürurludur.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Xarkovda yaşayan həmvətənlərimiz də yeni çağırışlara cavab olaraq öz fəaliyyətini qurmalıdır. Bütün ölkələrdə olduğu kimi, Ukraynada da diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib. Müharibə şəraitinə baxmayaraq, Xarkovda yaşayan həmvətənlərimiz fəaliyyətlərini davam etdirirlər”,- deyə səfir əlavə edib.
Sonra diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, lazımi qərarların qəbul ediləcəyini söyləyib.
Görüşdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov da iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov