Səfir Volfqanq Maniq: Azərbaycanın geosiyasi mövqeyi Almaniya üçün vacibdir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın geosiyasi mövqeyi Almaniya üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri sentyabrın 30-da keçirdiyi mətbuat konfransında Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Volfqanq Maniq deyib.
Səfir Almaniya ilə Azərbaycan arasında münasibətlərdən danışıb. O qeyd edib ki, son bir il ərzində Almaniyadan Azərbaycana səfər edən nümayəndə heyətlərinin sayı artıb. Diplomat, həmçinin Almaniyada 25 min azərbaycanlının yaşadığını, 1400 azərbaycanlı tələbənin təhsil aldığını söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Volfqanq Maniq bu problemin çox mürəkkəb olduğunu deyib. O qeyd edib ki, belə hallarda hər kəs problemin tezliklə həll olunmasını istəyir, amma reallıqda səbir və vaxt lazımdır: “Biz Almaniyanın parçalanmasının şahidi olmuşuq. Ancaq zamanla hər şey həll olundu”. Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən növbəti görüşünü də alqışlayıb və əlavə edib ki, nazirlərin görüşməsi faktının özü müsbət siqnaldır.
Volfqanq Maniq ölkəsinin Avropa İttifaqı institutlarında və beynəlxalq qurumlarda sədr statusundan istifadə edərək müəyyən məsələlərin həllinə kömək edəcəyini vurğulayıb. O əlavə edib ki, əsas məsələ praktiki həll yolunun tapılması, xalqların yaxınlaşması və bir-biri ilə əlaqə qurmasıdır.
Səfir Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mədəniyyət, təhsil və ekologiya sahələrində əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verəcəyini bildirib. Ölkəsinin Azərbaycanla neft-qaz, iqtisadiyyatın digər sahələrində sıx əməkdaşlıq etdiyini deyən diplomat, eyni zamanda, təhsil sahəsində əməkdaşlığa da toxunub. O, Almaniyanın Höte İnstitutunun Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə əhəmiyyət verdiyini vurğulayıb. Volfqanq Maniq Almaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə ikitərəfli sazişin imzalanması üzərində işlərin aparıldığını diqqətə çatdırıb. Alman dilinin Azərbaycanda tədrisindən danışan səfir alman dili müəllimləri üçün ixtisasartırma kurslarının, seminarların və forumların təşkilini Azərbaycanda fəaliyyət göstərəcəyi müddətə diqqət mərkəzində saxlayacağını vurğulayıb.
Almaniyanın 2020-ci ildən etibarən Azərbaycanın da üzv olduğu bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edəcəyi barədə məlumat verən səfir ölkəsinin bu qurumlar çərçivəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu deyib.