İQTİSADİYYAT
ŞƏHİD AİLƏLƏRİNƏ YARDIM
Yanvarın 17-də “Azəravtonəqliyyat” Dövlət Konserninin inzibati binasında Azərbaycan Gənclərə Kömək Fondunun 20 Yanvar şəhidlə ailələrinin üzvlərinə humanitar yardımı təqdim edilmişdir. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Fondun prezidenti Nədim Qaya mərasimdə çıxış edərək dedi ki, vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş insanlar qəhrəmanlığın ən uca zirvəsinə qalxmışlar. 20 Yanvar faciəsinə şəhid olanlar bu sırada xüsusi yer tuturlar.
Sonra “20 Yanvar” fondunun prezidenti Nəsib Ələkbərov çıxış edərək, şəhid ailələrinə daimi qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi. O, göstərilmiş yardıma görə Azərbaycan Gənclərə Kömək Fondunun rəhbərliyinə də təşəkkür etdi.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev hər il şəhidlərin xatirəsinin yad olunması ilə əlaqədar tədbirlər keçirilməsi haqqında sərəncam verir. Bu il yanvarın 19-da ölkənin bütün təhsil ocaqlarında ilk dərs şəhidlərə həsr ediləcək, Respublika sarayında qəhrəmanları anma gecəsi keçiriləcəkdir.
Əli Həsənov 20 Yanvar faciəsindən danışarkən vurğuladı ki, 1988-ci ildən etibarən Azərbaycanda baş vermiş bütün bəlaların kökü vaxtilə Mixail Qorbaçovun Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsinə yönəldilmiş siyasəti ilə bağlı olmuşdur. Bu yolda başlıca maneə həmin dövrdə Moskvada işləyən Heydər Əliyev idi. Onun istefasından sonra Qorbaçov erməni millətçilərinə verdiyi vədlərini həyata keçirməyə başlamışdı. 1988-ci ilin Sumqayıt hadisələri, sonra isə 1990-cı ilin 13-14 yanvar Bakı hadisələri Qorbaçovun göstərişi ilə DTK tərəfindən təşkil olunmuşdu və bundan məqsəd azərbaycanlıları dünya ictimaiyyətinə vəhşi simasında təqdim etmək idi. Lakin onlar azadlığa və müstəqilliyə can atan Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Mərasimin sonunda şəhid ailələrinə humanitar yardım paylandı.