Şəhid Araz Baxşəliyevin ad günündə onun qəhrəmanlıq dolu döyüş yolundan danışılıb VİDEO
Füzuli, 20 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Araz Baxşəliyevin xatirəsi ad günündə bir daha anılıb. Şəhidin anadan olmasının 28-ci ildönümü məzarı yanında qeyd edilib və qəhrəmanlıq dolu xatirəsi yada salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Baxşəliyev Araz Yavər oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları və qazilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində çaldığı zəfərdən və torpaqlarımızın azadlığı uğrunda döyüşə qoşularaq canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, şəhidlərimiz bu şanlı tarixin əsl qəhrəmanları olaraq daim yaddaşlarda qalacaq.
Şəhid Baxşəliyev Araz Yavər oğlunun ömür yolundan, Vətənə olan sevgisindən və qəhrəmanlıq dolu xatirələrindən də danışılıb. Bildirilib ki, Araz 1993-cü il sentyabrın 18-də Füzuli rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvər ruhda boya-başa çatan Araz gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Araz hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. İlk döyüş yolu Aprel qələbəsindən başlayıb. Qəhrəmanlığı və qorxmazlığı ilə seçilib.
Vətən müharibəsi zamanı döyüşlər başlayan ilk gündən Araz Füzuli istiqamətində düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib. Verilən tapşırıqların öhdəsindən layiqincə gələn Araz düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində də fəal iştirak edib. Cəbhənin yarılmasında və 30 illik işğalda qalan ərazilərin azad olunmasında onun da payı olub. Araz döyüşlərin ikinci günündə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, Araz Baxşəliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.