Şəhid Rəşad Quliyevə həsr olunmuş filmin təqdimatı keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin həyata keçirdiyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə çərçivəsində “Canavar” ləqəbli şəhid polkovnik-leytenant Rəşad Quliyev barədə film çəkilib.
AZƏRTAC xəbər verir ki, polkovnik-leytenant Rəşad Quliyevin oxuduğu 263 nömrəli tam orta məktəbdə “Canavar”ın döyüş yolu” filminin təqdimatı keçirilib.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni oxunub.
Layihə rəhbəri Məlahət Abdullayeva bildirib ki, məktəbin şagirdləri də şəhid R.Quliyevin xatirəsinə həsr olunmuş tədbir hazırladığı üçün hər iki tədbiri birgə keçirmək qərarına gəliblər.
Şəhid Rəşad Quliyevin adını daşıyan sinfin şagirdləri müxtəlif nömrələrlə zəngin proqram təqdim ediblər.
Sonra “Canavar”ın döyüş yolu” film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Rəşad Quliyevin keçdiyi şərəfli döyüş və həyat yolu barədə xatirələrini bölüşüblər.
Şəhidin anası Mətanət Quliyeva oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə peşəkarlıqla hazırlanmış filmi araya-ərsəyə gətirənlərə və tədbiri təşkil edənlərə ailə üzvləri adından minnətdarlıq edib.