Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımızdır
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ağsaqqallar Şurasının təşəbbüsü ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq, Şəhidlər xiyabanı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən mərasimdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, AYB nümayəndələri iştirak ediblər.
Akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca, AYB sədrinin müşaviri Rauf Aslanov və başqaları 20 Yanvar şəhidlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər çiçəklər düzüblər.
Anma mərasimində 20 Yanvar hadisələri haqqında danışan natiqlər ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyiblər. Azərbaycan xalqının başına gətirilən iztirabların, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ədəbiyyatın müstəsna rolu olduğunu vurğulayan natiqlər şair və yazıçıların əsərlərinin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsinin xalımızın tarixində əbədiyaşarlığından və bu qanlı hadisənin qələm adamlarımızın əsərlərində öz əksini tapmasından söz açıblar.