CƏMİYYƏT
ŞƏHİDLƏRİN XATİRƏSİ NAXÇIVANDA DA EHTİRAMLA YAD EDİLMİŞDİR
20 Yanvar - Ümumxalq hüzn günündə ölkəmizin hər yerində olduğu kimi Naxçıvanda da şəhidlərin əziz xatirəsi dərin ehtiram hissi ilə yad edilmişdir.
Şəhərin müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin uyuduqları xiyabana gəlmiş, şəhid məzarları üzərinə al qərənfillər düzmüş, “Ana” abidəsinin önünə əklillər qoymuşlar.
Elə həmin gün şəhər ictimaiyyətinin nümayəndələri 1918-1920-ci illərdə Naxçıvanda və bu bölgənin müxtəlif yerlərində dinc əhalini erməni silahlı quldur dəstələrinin zülmündən xilas etmək üçün köməyə gəlmiş Türk ordusunun bu torpaqlarda şəhid olan qəhrəman əsgərlərinin əziz xatirəsinə ucaldılmış abidənin önünə də qərənfillər düzmüşlər.
Saat 12.00-da Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Naxçıvan Muxtar Respublikası rəssamlar birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinə həsr edilmiş rəsm əsərlərinin sərgisi nümayiş etdirildi.
Türkiyə Şəhid Anaları cəimiyyətinin Naxçıvanda qonaq olan nümayəndələri də mərasim iştirakçıları arasında idi.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 20 Yanvar faciəsinin 12-ci ildönümünə həsr edilmiş mərasimlərdə iştirak etmişdir.