Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq. O, Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini iştirakçıların diqqətinə çatdırıb.
Milli Məclisinin deputatı, professor Fəzail İbrahimli qanlı faciədən danışaraq qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası Bakı ilə yanaşı, Azərbaycanın bir neçə şəhər və rayonlarına yeridilib. Nəticədə dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev respublikamızın daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, faciəni törədənləri ittiham edib, qoşunların Bakıdan çıxarılmasını sovet hökumətinin rəhbərlərindən qətiyyətlə tələb edib.
Sonra FHN Akademiyasının baş zabiti Kəmalə Rzazadə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr etdiyi şeiri söyləyib.
Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.