Səhmdar cəmiyyətin səhmdarlarına ödənilən dividenddən hansı halda vergi tutulmur?
Bakı, 6 iyun, AZƏRTAC
Mühasiblərin və mütəxəssislərin qarşılaşdıqları hallardan biri də dividend ödənişlərindən 10 faiz verginin tutulub-tutulmaması ilə bağlıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
İqtisadçı bildirib ki, bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22-ci maddəsini tətbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10 faiz vergi tutulmamalıdır: “Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Qeyd olunub ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10 faiz vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.
Xatırladaq ki, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.