Səhralaşmanın qarşısının alınması və biomüxtəlifliyin mühafizəsi məqsədilə onlayn meşə atlası yaradılıb
Gəncə, 13 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində “Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək meşələrin mühafizəsi, qorunması və bərpasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Qafqaz üçün Region Ekoloji Mərkəzin Azərbaycan filialının direktoru Yaşar Kərimov Qlobal Ekologiya Fondunun dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Dünya Resurs İnstitutu tərəfindən həyata keçirilən layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.
Mərkəzin əməkdaşları İlahə İbrahimova, Aslan Şıxəliyev və Nəzrin Qocayeva çıxışlarında bildiriblər ki, Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı tərəfindən icra edilən layihənin məqsədi səhralaşmanın qarşısının alınması və biomüxtəlifliyin mühafizəsi istiqamətində meşə nəzarəti və analiz imkanlarına malik onlayn meşə atlasının yaradılmasıdır.
Görüşdə onlayn meşə atlası nümayiş etdirilib, ondan istifadə qaydaları izah olunub.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.