Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi
Gəncə, 26 avqust, AZƏRTAC
Meyvələr sağlam və balanslı qidalanmanın mühüm tərkib hissələrindən biri hesab olunur. Lakin şəkərli diabet zamanı meyvələrin seçimi, qəbul miqdarı və hansı formada istehlak edilməsi xüsusi əhəmiyyət daşıyır. Bəzi insanlar diabet diaqnozu qoyulduqdan sonra meyvələri rasiondan tamamilə çıxarmağın vacib olduğunu düşünürlər. Mütəxəssislər isə əsas məsələnin meyvədən imtina deyil, onun düzgün seçilməsi və porsiya ölçüsünə nəzarət edilməsindən ibarət olduğunu bildirirlər.
Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının həkimi, endokrinoloq Şəhla Verdiyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, şəkərli diabet xəstələri üçün gündəlik universal meyvə norması müəyyənləşdirmək düzgün yanaşma deyil. Çünki xəstənin diabetinin tipi, aparılan müalicə, qanda şəkərin səviyyəsi və hipoqlikemiya riski nəzərə alınmalıdır.
Onun sözlərinə görə, meyvələr diabet xəstələri üçün qadağan olunmuş qida məhsulu hesab edilməməlidir. Əksinə, uyğun miqdarda meyvə qəbulu qidalanmanın vacib hissəsi ola bilər:“Diabet xəstəsinə gündəlik konkret müəyyən miqdarda meyvə qəbulunun tövsiyə olunması düzgün deyil. İnsulin qəbul edən xəstə ilə tablet şəklində dərman istifadə edən xəstəyə eyni yanaşmaq olmaz. Eyni zamanda, qanda şəkərin səviyyəsi və hipoqlikemiya riski də nəzərə alınmalıdır. Ümumilikdə isə meyvələr bizim düşmənimiz deyil. Sadəcə, onların miqdarı hər bir xəstənin vəziyyətinə uyğun fərdi şəkildə müəyyənləşdirilməlidir”.
Mütəxəssis meyvələrin tərkibindəki təbii şəkərin də qanda qlükoza səviyyəsinə təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, meyvələrdə şəkər əsasən fruktoza formasında olsa da, burada lif, vitamin, mikroelement və digər faydalı komponentlər də mövcuddur. Buna görə meyvənin tərkibindəki təbii şəkərlə sənayedə hazırlanan və əlavə şəkər ehtiva edən məhsulları eyniləşdirmək düzgün deyil. Şəhla Verdiyevanın sözlərinə görə, meyvələr uyğun miqdarda qəbul edildikdə faydalı olur. Buna görə də insulin asılılığı olan xəstələr meyvə qəbuluna daha diqqətlə yanaşmalı və porsiyanın ölçüsünü həkim məsləhətinə əsasən müəyyənləşdirməlidirlər.
Endokrinoloq cəmiyyətdə bəzi meyvələrin yalnız şirinliyinə görə “zərərli”, digərlərinin isə “faydalı” hesab edilməsinin də doğru yanaşma olmadığını vurğulayıb. Onun sözlərinə görə, meyvə seçərkən yalnız dad və şirinlik deyil, tərkibindəki lif miqdarı və qəbul edilən porsiyanın ölçüsü də nəzərə alınmalıdır.

Mütəxəssis, xüsusilə banan, üzüm, əncir və xurma kimi daha şirin meyvələrin diabet xəstələri tərəfindən tamamilə qadağan edilməsinin də doğru olmadığını deyib. Onun fikrincə, əsas məsələ bu məhsulların nə qədər qəbul edilməsidir. Digər tərəfdən meyvənin bütöv şəkildə yeyilməsi ilə onun şirəsinin içilməsi arasında əhəmiyyətli fərq var:”Bütöv meyvənin tərkibində olan liflər onun qida dəyərinin mühüm hissəsini təşkil edir. Meyvə şirəsi hazırlanarkən isə lifli hissənin əhəmiyyətli qismi itirildiyindən onun qanda şəkərin səviyyəsinə təsiri fərqli ola bilər”.
Şəhla Verdiyeva meyvə qəbulunda porsiya nəzarətinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, meyvənin əsas yeməklər arasında ara qida kimi qəbul edilməsi və porsiyanın ölçüsünün nəzarətdə saxlanılması məqsədəuyğundur.
Mütəxəssis iri meyvələrdən alma, armud və heyvanın bir ədəd, ərik və şaftalı kimi nisbətən xırda meyvələrdən iki ədəd, banandan isə yarım ədəd qəbul edilməsini nümunə kimi göstərib. Giləmeyvələrin porsiyasının isə təxminən bir stəkan həcmində olması tövsiyə edilir.
Beləliklə, mütəxəssis meyvələrin şəkərli diabet zamanı qidalanmadan tamamilə çıxarılmasının düzgün olmadığını bildirir. Əsas məqsəd meyvənin düzgün seçilməsi, qəbul edilən miqdarın nəzarətdə saxlanılması və xəstənin fərdi xüsusiyyətlərinin nəzərə alınmasıdır. Xüsusilə insulin qəbul edən şəxslərin meyvə istehlakını həkimlə məsləhətləşərək müəyyənləşdirməsi tövsiyə olunur.
Müxbir - Elcan Məmmədov